Kənd qadınlarının peşə bacarıqlarını artıran layihə fəaliyyətə başladı - FOTOLAR

Kənd təsərrüfatı 14 fevral 2022, 11:02
Azərbaycan Kənd Qadınları Assosiasiyası İB, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ağdam, Bərdə və Beyləqan rayonlarında kənd qadınlarının peşə bacarıqlarının artırılması və Bərdə şəhərində Peşə Festivalının keçirilməsi Layihəsi”-nin icrasına başlayıb.

Karvannews.com xəbər verir ki, layihə kənd qadınlarının peşə bacarıqlarının artırılması vasitəsi ilə onların cəmiyyətə inteqrasiyasını, ailələrə iqtisadi dəstəyini və regionların inkişafına töhfə verməsini asanlaşdırmaq və dayanıqlı etməyi nəzərdə tutur.

Layihə çərçivəsində Ağdam, Bərdə və Beyləqan rayonlarında fəaliyyət göstərən 6 Qadın İnkişaf və Müəssisə Qrupunda kollektiv biznesləri idarə edən qadınların peşə bacarıqlarının artırılması, artan peşə bacarıqlarını və bu dəyərlərin onların bizneslərinə gətirdiyi uğuru Bərdə şəhərində keçiriləcək Peşə Festivalında nümayiş etdirməsi nəzərdə tutulur.

Layihənin faydalananları Ağdam rayonunun Zəngişalı kəndində, Bərdə rayonunun Böyük Göyüşlü, Gərənə və Qarayusifli kəndlərində və Beyləqan rayonunun Birinci Aşıqlı kəndində fəaliyyət göstərən Qadın İnkişaf və Müəssisə Qruplarıdır. Bu qruplar öz peşə fəaliyyətlərinə uyğun olaraq “Bitkiçiliyin praktikası”, Tərəvəzin becərilməsi və emalı”, “Çörək bişirmə və Şirniyyat hazırlanmasında texniki normalar”, “Tikiş bacarıqları və Texniki vasitələrdən istifadə” mövzularında verilən təlimlərdə iştirak edəcəklər.

Qeyd edək ki, layihə cari ilin Fevral-Mart-Aprel ayları olmaqla 3 ay davam edəcək. Peşə təlimlərində iştirak edən kənd qadınları həm də Mingəçevir, Bərdə və Xaçmaz rayonlarında fəaliyyət göstərən istehsalat və emal müəssisələrinə tanışlıq məqsədi ilə səfər edəcəklər.







 

DİGƏR XƏBƏRLƏR

Loading
Top