2021-ci ildə Aqrar Sığorta Fondu tərəfindən toplanan sığorta haqlarının məbləği 11,261 mln. manata çatıb.
Fonddan Karvannewsa verilən məlumata görə, bu əvvəlki illə müqayisədə aqrar sahədə üzrə toplanan sığorta haqları 5,3 dəfə artıb.
ASF-in aqrar sığorta üzrə bazar payı 92%-ə yüksəlib.
Bu dövrdə bütün ölkə üzrə 350 min hektara yaxın əkin ərazisi sığortalanıb. Bitkiçilik sığortası üzrə 6,172 mln. manat sığorta haqqı yığılıb. Bu, 2020-ci ildə bitkiçilik sığortası üzrə yığılan məbləğlə müqayisədə 674 dəfə çoxdur. Əkinlərə verilən aqrar sığorta təminatının ümumi məbləği 336 mln. manat təşkil edib.
Ən çox sığortalanan əkin sahələri buğda, arpa, pambıq, üzüm və fındıq sahələri olub.
Ötən il Aqrar Sığorta Fondu tərəfindən 18 836 baş heyvan sığortalanıb, toplanmış sığorta haqqının məbləği 5 mln. manatı ötüb. Bu, 2020-ci ilin eyni göstəricisini 213% üstələyir. Heyvandarlıq sığortası üzrə verilən sığorta təminatının həcmi 59 mln. manata yüksəlib.
2021-ci ildə aqrar sığorta üzrə 152 min manat sığorta ödənişi həyata keçirilib. Ödənişlərin 29 min manatı bitkiçilik, 123 min manatı heyvandarlıq sığortası üzrə edilib.