Emin Əliyev: "Ən böyük sərmayəm netvörkinqdir" - MÜSAHİBƏ

MÜSAHİBƏ 05 aprel 2022, 11:01
Emin Əliyev - 2017-ci ildə “Baku Tours” MMC və “Azərbaycan Menecment və İnvestisiya Korporasiyası”, 2018-ci ildə “Böyük Qayıdış” MMC, 2006-cı ildə “Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi”, 2019-cu ildə “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” ictimai birliklərini təsis etmişdir. Bir kitabın, 82 elmi-analitik məqalənin müəllifidir. Tədqiqat sahəsi erməni terrorizmi, beynəlxalq münasibətlər və konfliktologiya olmuşdur. Rus və ingilis dillərini sərbəst bilir. Dövlət orqanlarında rəhbər vəzifələrdə çalışmışdır, uzun müddət ali təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərmişdir. Ailəlidir, iki oğlu və dörd qızı vardır.
İlk təhsilini Bakı Dövlət Universitetinin “Tarix” fakultəsində almışdır. O həm magistratura, həm də doktorantura təhsilini də müvəffəqiyyətlə başa vurmuşdur. Sonradan BƏƏ-də insan resurslarının idarə edilməsi (2014), Almaniyada menecment (2013; 2018), İsraildə innovativ aqrar idarəetmə (2017), Yaponiyada kiçik və orta biznesin idarəedilməsi (2018) kurs və seminarlarının iştirakçısı olmuşdur.


Bir lider olaraq əsas şüarı “Harada oluramsa olum, faydalı insan olum” olmuşdur. İş fəaliyyətində əsas öhdəliklərindən biri isə yüksək keyfiyyətli ənənələrin yaradılması və effektiv varisliyin təmin edilməsidir. Adətən, partnyorları onu ilk görüşdən sərt və qaraqabaq biri kimi xarakterizə etsələr də, ünsiyyət qurduqdan sonra onun mülayim və hər cürə danışığa açıq şəxs olduğunu qeyd edirlər.

Bu gün biz onun qonağı olduq və o da öz təcrübəsini bizlərlə bölüşməyə razılıq verdi.

- Emin müəllim, ilk sualım belədir ki, necə bir rəhbərsiniz?

- Həmişə idarəçi və təşkilatçı liderliyi üstün tutaraq çalışmışam. İlk addımım komanda üzvlərini yaxından tanımaq, xarakterlərinə bələd olmaq olub. Bunun üçün birbaşa əməkdaşlarla dialoq aparmaqla yanaşı, digər əməkdaşların fikirlərini də almışam. Əməkdaşlara qarşı qayğıkeş və səmimi olmadıqca onlarla qarşılıqlı effektiv əməkdaşlıq qurmaq mümkün deyil. İstisnasız olaraq işlədiyim yerlərdə və şəxsi biznesimdə işləri gənc əməkdaşlara ötürmüş, hər bir səhv və çatışmazlıqları barədə onlara yol göstərərək yenidən işlərin icrasını özlərinə həvalə etmişəm. Nəticədə həmin əməkdaşlar yeni bir praktikanın yaradılmasında özləri də iştirakçı olublar. Qısa olaraq deyim ki, kadr yetişdirən rəhbərəm. Çalışdığım şirkətlərindən birində çayçı kimi işə qəbul etdiyim ali təhsilli xanım (təəssüf ki, belə hallar az olmur) bir qədər sonra resepsionist, daha sonra isə insan resursları mütəxəssisi vəzifələrinə irəli çəkilmişdir. Həmin xanım mən o şirkəti tərk etdikdən sonra da bu vəzifədə fəaliyyətini davam etdirdi. Dövlət orqanlarından birində çalışan zaman isə müşahidə etmişdim ki, iki gənc əməkdaşın peşəkar olmadıqları əsas gətirilərək bütün proseslərdən kənarda saxlanılmışdılar. Həmin iki əməkdaşa mərhələli olaraq daha məsuliyyətli işlər tapşırıldı və həmin əməkdaşlar da bu vəzifələrin icrasında uğurlar əldə etməyə başladılar. Hal-hazırda bu iki əməkdaş həmin orqanın ən aktiv və peşəkar kadrlarındandırlar. Bundan başqa hər bir zaman iş yoldaşlarımın və tabeçiliyimdə olan əməkdaşların fikirlərinə əhəmiyyət vermişəm. Qərar verərkən onların təkliflərini nəzərə almışam.

- Hal-hazırda öz bizneslərinizin idarəçiliyini edirsiz. Burada bütün məsuliyyət öz üzərinizdədir. Biznesinizin inkişafında hansı prinsipləri tətbiq edirsiniz?

- Peşəkar biznes fəaliyyətimdə 3 əsas formaya əsaslanıram: 1) Heç bir biznes və layihə təklifinə “yox” demirəm; 2) Bütün bizneslərdə yüklərin və gəlirlərin paylaşılmasına hazıram; 3) Ən ağır məsələlərin belə danışıqlar yolu ilə həll edilməsinin mümkünlüyünə inanıram. Problemin mülayim şəkildə həll edilə biləcəyi halda sərtlik göstərməmək və daim kompromisə getmək imkanlarının mövcudluğuna inanmışam. Əməkdaşlarla sadəcə işin ağırlığını müzakirə etmişəm. Stresin ağırlığını və məsuliyyətini əməkdaşın üzərinə transfer etməmişəm və heç bir uğursuzluqda da əməkdaşları buna görə qınamamışam. İş rejimində daim şərait yaratmışam ki, əməkdaşlar qorxaraq, çəkinərək yalana əl atmasınlar və gördükləri çatışmazlıqları, yol verilən səhvləri dürüst olaraq etiraf edə bilsinlər. Hesab edirəm ki, bütün səhvlər bağışlana bilər, o təqdirdə ki, o xroniki xarakter almasın! Konflikt yaşadığım və işlərinin keyfiyyətindən narazı olduğum əməkdaşların belə xeyirli günlərinə sevinmişəm. Səmimi olaraq onları qucaqlamağımı idarəçi olaraq vəzifə borcum hesab etmişəm və əksər hallarda bunun uğurlu nəticəsinin şahidi olmuşam.

Adətən öz səhvlərimdən nəticə çıxarıram. Fəaliyyətimiz dövründə əməkdaşlarımıza elə bir şərait yaratmışdıq ki, buraxdığımız səhvləri bizə rahat bildirə bilsinlər. Rəhbər vəzifədə çalışdığım şirkətlərdən birində şöbə rəhbərlərindən birinə layiq olmadığı halda (daha sonradan şahidi oldum) böyük bir öhdəlik və məsul işlər həvalə edərək güvəndiyimi nümayiş etdirmişdim. Həmin əməkdaş isə Holdinqin müəssisələrindən birində özbaşına qərarlar vermiş və müəssisənin fəaliyyətinin bir neçə gün iflic olmasına səbəb olmuşdu. Daha sonrakı dövrdə istənilən bir adamla bağlı hətta bir nəfər belə mənfi rəy verərsə, gələcək əməkdaşlıqda bunu nəzərə alıram və tam güvən mühiti yaranana qədər ehtiyatlı addımlar atıram.

Komandada çalışan əməkdaşların hər biri eyni xarakterli olmur. Buna görə də vahid idarəetmə formasının seçilməsi bəzən uğurlu nəticələr verməyə də bilir. İdarəçilikdə zəruri hesab etdiyim zaman liberal, bəzən isə avtoritar iş üslubunu tətbiq edirəm. İdarəçilik zamanı əməkdaşları vəzifəmin yüksəkliyi ilə əzməyə heç vaxt cəhd etmirəm. Bununla yanaşı, subordinasiyanın qorunmasının da kəskin tərəfdarı olaraq bunu daim tətbiq etmişəm. Nəzərə alsaq ki, fərqli kateqoriyalarda idarə etdiyimiz bizneslər və ictimai birliklər var və hələ ki, uğurlu şəkildə yolumuza davam edə bilirik, o halda üstünlük verdiyim idarəçilik üslubunun düzgün olduğuna inanmağa da, məncə haqqımız var. Sonda isə onu deyərdim ki, idarəçilikdə prinsipial olmaqla yanaşı, elastik olmaq da bir o qədər vacibdir! İstənilən metod sorğulana bilər, istənilən strategiya dəyişdirilə bilər. Fəaliyyətim dövründə kollegial verdiyim qərarların təkbaşına verdiyim qərarlardan daha uğurlu və daha strateji olduğunu deyə bilərəm. Mürəkkəb addımlara və qərarlara meyillilik innovativlik kimi anlaşılsa da, adətən, sadə addımlar və qərarların verilməsinin elə əsl innovasiya olduğunun daim praktiki şahidi olmuşam. Ən böyük sərmayəm isə netvörkinqdir. Biznes və şəxsi həyatda dostlar əvəzedilməz yatırımdır!

- Hamımız şahidiyik ki, dünya dəyişir. İqtisadiyyat, siyasət, dünya xəritəsi dəyişir. Ölkəmiz də təbii olaraq bu proseslərin gedişatında dəyişir. Bunu necə dəyərləndirirsiz?

- İlk əvvəl onu deyim ki, dəyişən dünyada ölkəmizin təqdim və tətbiq etdiyi siyasi strategiyanın uğurlu olduğunun şahidiyik. Cənab İlham Əliyev zərgər dəqiqliyi ilə həm daxili, həm də xarici siyasəti tənzimləyir. Bölgəmiz dünyanın ən qaynar bölgələrindəndir. Bu bölgədə kiçik dövlətlərin uğuru onların əzilməməsidir. Lakin cənab İlham Əliyev Azərbaycanı nəinki əzilmək təhlükəsindən qoruyur, hətta beynəlxalq sülhyaratma danışıqlarının fəal üzvü kimi çıxış edir. Vətəndaşı olduğu dövlətin rəhbərinin bu cür aktivliklə gözəl bir missiya daşıyıcısı olması hər bir şəxsin qürur mənbəyi sayılmalıdır. Sualın cavabına gəlincə isə onu deyə bilərəm ki, son illərdə dövlətin sahibkarlara münasibətlərinin liberallaşmasının, işgüzar etik qaydaların inkişafının şahidiyəm. Ən böyük çətinliyimiz peşəkar kadrların az olmasıdır. Bundan da daha ağrıdıcı tərəf isə bir qisim gənclərimizin şəxsi inkişaflarına diqqət yetirməməsidir. Biz həm şirkətimizin, həm də ictimai birliyimizin ölkə hüdudlarından kənara çıxarılması və beynəlxalq layihələrin icra edilməsi üçün çalışırıq. Ölkəmizi dünyada təmsil etmək istəyirik. Dəyişən dünyanın trendlərinin düzgün oxunması ən vacib öhdəliyimizdir. Biz bu prosesləri düzgün qiymətləndirə bilməsək hər zaman dünya bazarları üçün xammal ölkəsi kimi qalacağıq.

DİGƏR XƏBƏRLƏR

Loading
Top