Azərbaycan Milli Xalça Muzeyində “Bir taleli iki insan” sərgisi açılıb

Mədəniyyət və turizm 21 aprel 2022, 14:19

Azərbaycan Milli Xalça Muzeyində Yelena və Ucal Haqverdiyevlərin yaradıcılığına həsr olunmuş “Bir taleli iki insan” sərgisinin açılış mərasimi keçirilib.

Bu barədə Karvannews Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

Tədbirdə sərginin kuratoru, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov, Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova Yelena və Ucal Haqverdiyevlərin yaradıcılığından danışıblar.

Əməkdar rəssam Yelena Haqverdiyeva tədbirdə iştirak edənlərə, belə bir sərginin təşkilinə görə isə Xalça Muzeyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Sərgidə ömürləri boyu bir-birinə və onları birləşdirən sənətə sonsuz sevgi ilə bağlı olan iki rəssamın 54 ədəd rəngkarlıq və tətbiqi sənət əsərləri nümayiş etdirilir.

Burada yüksək bədii zövqü, xüsusi fərdi üslubu ilə seçilən Yelena Haqverdiyevanın Səfəvi saray xalçalarını, ov və bağ səhnələrini xatırladan təsvirlərlə, mənzərələr, natürmortlar, sevgililərin obrazları ilə zəngin “Xalça bağları” silsilə əsərləri təqdim olunur.

Sərgidə tamaşaçılar rəngkarlıq və qrafika, monumental rəssamlıq, poeziya, həmçinin tətbiqi sənət üzrə çoxşaxəli yaradıcılığa malik Ucal Haqverdiyevin istedadının yeni aspektləri ilə tanış ola bilərlər. Belə ki, ilk dəfə rəssamın müəllifi olduğu bədii tikmələr, keramika məmulatları, ağac və daş üzərində işləri geniş ictimaiyyətə təqdim edilir. Ucal Haqverdiyevin əsərləri arasında müqəddəslərin ikonoqrafiyası, İtaliya İntibahı üslubunda yaratdığı həyat yoldaşı Yelenanın portretləri, süjetli səhnələr və böyük modernist rəssamların əsərləri ilə assosiasiya doğuran kompozisiyalar üstünlük təşkil edir. Onun keramika və ağacdan əsərlərinin böyük əksəriyyəti isə heyvan təsvirləridir.

Açılış mərasimində layihə çərçivəsində 3 dildə hazırlanmış “Bir taleli iki insan” adlı kataloqun təqdimatı da keçirilib. Tədbirdə həmçinin Haqverdiyevlər ailəsinin arxiv fotolarından ibarət video-çarx nümayiş olunur.

Qeyd edək ki, iyunun 19-dək davam edəcək sərgi çərçivəsində mühazirələr, ustad dərsləri də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Loading
Top