İnsanlar niyə maska taxmaq istəmir? – Şəbnəm Karslı yazır

ANALİTİK 18 dekabr 2020, 12:32
Karvannews.com Şəbnəm Karslının “Maska taxmamaq psixologiyası” yazısını təqdim edir.
 
Dünyanı qucağına almış Covid-19 Pandemiyası sonrası maska taxmaqdan, sosial məsafə saxlamaqdan imtina edənlərin psixologiyalarını araşdırdıq. Bu imtinaya səbəb olan travmaları psixoloqların dilindən ifadə etməyə çalışdıq. Niyə bəzi insanlar maska taxmamaqda inad edirlər? Sosial məsafə saxlamaq istəməməyin əsl səbəb nədir?
 
2020-ci ildə bir anda həyatımıza yeni bir termin daxil oldu – Pandemiya. Covid-19 pandemiyası dünyanı öz əsarəti altına aldı və hamının həyatına daxil oldu. Həm də təkcə həyatlarımıza daxil olmadı, eyni zamanda bütün normalarımızı, ənənələrimizi dəyişdirdi, yeni normaları diktə etdi. Ən əsası, bu xəstəlik cəmiyyətin sosial həyatını tamamilə dəyişdirdi. Bu günə qədər həyatımızda olmayan “sosial məsafə”, “maskasız evdən çıxmamaq” kimi normlar bir anda gündəlik həyatın bir hissəsinə çevrildi. Hətta “koronafobi” adlı yeni qorxu növü ilə də bu il qarşılaşdıq ilk dəfə. Maskasız birini gördüyü zaman və ya haradasa biri sosial məsafə gözləmədən insana yaxın dayandığında koronafobi baş qaldırır, stress, panik atak, taxikardiya kimi xüsusiyyətlərlə özünü göstərir. Cəmiyyətin böyük əksəriyyəti pandemiyanın ilk aylarında koronafobi əlamətləri göstərirdi. Zamanla bu hala öyrəşmə, özünü qoruma mexanizmlərinin öyrənilməsi qorxu hissi üzərində daha güclü dayanmaqla nəticələndi.
 
Amma bir qism insanlar var ki, onlarda bu halların tam əksini müşahidə edirik. Bu da maska taxmaqdan və sosial məsafəni qorumaqdan imtina hallarıdır. İkinci kateqoriyaya daxil olan insanların bu qədər inkarcı olmalarının və yeni normlardan imtina etmələrinin səbəbləri isə son aylarda psixoloqların diqqətini çəkən əsas mövzulardan biri olmuşdur.
 
Gündəlik həyatımızda maska taxmaq kimi bir adətin formalaşacağını bir il öncə xəyal edə bilməzdik. İndi isə bu yeni qaydalar dünyanın hər yerində ənənə halını almağa başladı. Amma bir qism insan üçün maskanı davamlı istifadə etmək dözülməz haldır. ABŞ-da fəaliyyət göstərən psixiatr Dr. Gayani De Silva maska əleyhdarları mövzusu ilə bağlı fikirlərini səsləndirdiyi zaman əsas diqqəti özünü müdafiə mexanizmlərinin inkarına çəkir. Covid-19 pandemiya o qədər ciddi travmaları özü ilə bərabər həyatımıza daxil etdi ki, məsələnin ciddiyətinin inkarı bəzi insanlar üçün tək çıxış yolu kimi görünür. Koronafobi ilə mübarizə edən fərdlər problemin böyüklüyünü qəbul edib bununla qarşılaşmaqdan o qədər çox qorxurlar ki, heç bir problemin olmadığını və qorunmağa da ehtiyacın qalmadığını düşünmək onları bir qədər sakitləşdirir. Təəssüflər olsun ki, bu sakitləşmə onları pandemiyadan qorumur, əksinə xəstəliklə qarşılaşma riskini artırır.
 
Psixiatr Dr. Margaret Seide isə məsələyə başqa baxış bucağının olduğuna diqqət çəkir. Fərqli qruplarda və ya fərdlərdə kontrol edilmə qorxusu mövcuddur. Cəmiyyətin bir hissəsinin onları idarə etməsi, davranış qaydalarını diktə etməsi qalan kəsimi hər zaman narahat etmişdir. Maska taxma məcburiyyətinin olması da bəzi kəsimi məhz diktəyə məcburiyyət hissi ilə baş başa qoymaqdadır. Sadə bir qaydaya əməl etməmək isə bu kəsimdə kontrol edilə bilməmə hissi yaşadır.
Fərqli ölkələrin psixoloqlarının fikrinə görə, burada əsas səbəb sosial həyatdan imtinanın yalnızlıq duyğusu hissini yaratması olmuşdur. İnsanlar həyatları boyunca təklikdən qorxmuşlar. Cəmiyyətin bütünü insanların sosiallaşması, birlikdə yaşamaq, işləmək, əylənmək kimi arzularının reallaşması ilə formalaşmışdır. Cəmiyyətin fərdləri öz qapalı aləmlərinə çəkildikləri zaman yalnızlıq duyğusu baş qaldırır. Fərdlərin sosiallaşmaq arzusu əslində psixoloji ehtiyacdır.
 
Həyatımızın, adətlərimizin əsas hissəsi cəmiyyətin digər fərdləri ilə ünsiyyət nəticəsində formalaşır. İndi isə bütün adətlərimiz dəyişir və ya dəyişməsi üçün buna məcbur oluruq. Yeni qaydalar məsafə saxlamağı, ünsiyyəti azaltmağı diktə edir. Bu məcburiyyət isə əsasən daxili dünyalarında təklik qorxusu daşıyan və sosiallaşmağı psixoloji rahatlıq olaraq görən tərəfləri “üsyan bayrağı qaldırmağa” məcbur edir. A.Yavuzer və A.Şəntürk kimi Türkiyəli psixoloqların sosiallaşma ehtiyacı ilə bağlı araşdırmaları bu qrup “üsyancıları” daha yaxşı anlamağımıza kömək edir. Hələ də fərqli qrupların toplanması, gizlin, bəzən yeni qaydaların əksinə olaraq sosiallaşmağa davam etmələrinin kökündə məhz duyğularının təmini dayanmaqdadır. Bu kateqoriyaya aid olan qruplara və fərdlərə psixoloji dəstəklər verilməli və onları mövcud vəziyyətin davamlılığının olmayacağına inandırmaq lazımdır.

ABŞ Kaliforniyadakı La Sierra Universitetinin sağlamlıq psixoloqu olan Leslie Martin isə bu durumlarla mübarizə apararkən, insanlarla daha çox dialoq aparmağın və yeni davranış qaydalarına tabe olmamağın cəmiyyətə verə biləcəyi mənfi təsirlərini başa salmağın daha təsirli olacağın bildirir. S.Henriques de son məqaləsində sosial məsafə qaydalarından və maska taxmaqdan imtina edənlərlə mübarizə aparmaq, onları cəzalandırmaq yerinə cəmiyyətə pozitiv mesajlar verməyin daha həlledici olduğuna diqqət çəkir. Vəziyyətin kritik olduğunu inkar edən fərqlərə və ya qruplara pandemiyanın əslində nə qədər təsirli olduğunu, inkarcı mövqe tutan hər bir fərdin əslində pandemiya müddətinin uzanmasına səbəb olduğunu, bir çox hallarda 65 yaşdan yuxarı kəsimin və ya uşaqların həyatlarını itirməsi ilə nəticələnməsinin məhz bu kateqoriyaya daxil olanların “xidmətləri” olduğuna insanları inandırmaq lazımdır. Bir çox hallarda bu kimi mesajlar, fərdi söhbətlər nəticəısində yeni qaydalara və həyat şərtlərinə keçidin daha asan olduğunu və uyğunlaşmada müddətin sürətləndiyinə şahid oluruq.
 
Yeni qaydaların dünyada və ölkəmizdə nə qədər davam edəcəyini bilmirik. Amma insanları daha çox məlumatlandırmaq onları həm öz sağlıqları, həm də cəmiyətin sağlamlığı ilə bağlı müsbət nəticələrə gətirə bilər. Daha sağlıqlı, pandemiyanın tamamilə bitdiyi bir yeni il arzusu ilə...
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top