ƏN AXMAQ BESTSELLER

ANALİTİK 13 yanvar 2021, 15:10
Amerika Birləşmiş Ştatlarında 1960-cı illər çox qarışıq və qalmaqallı keçmişdi. İrqi ayrıseçkiliyə etirazlar, hippilər, rok qruplar, abort qadağalarına qarşı olanlar, ailə planlaması tələbçiləri kimi fərqli sosial kəsimin etirazları fonunda mədəniyyət də öz bəhrəsini almışdı. Yeni nəsil musiqi, yazılı və görsəl mədəni nümunələr mühafizəkar kulturoloqlar tərəfindən heç də birmənalı qarşılanmırdı. Porno və erotizmin get-gedə cazibəsini artırması, mədəni dəyərlərdən daha da önəmli olması gerçək mədəniyyət sevdalılarını narahat edirdi. Kütlə isə sevdiyi mədəni nümunələrin keyfiyyətli olduğunda israrcı idi. Birinin onlara həqiqəti göstərməsi lazım idi...

1969-cu ilə ABŞ-da Penelopa Aşe imzası ilə “Əcnəbi çılpaq gəldi” (“Naked come the stranger”) adlı kitabı çap olundu. Kitabın məzmun xətti qırılqan idi, heç bir ədəbi çizgiyə daxil edilə bilmirdi. Amma mətn başdan sona qədər erotik və pornoqrafik səhnələrlə zəngin idi. Hətta kitabın qapağına da diqqət çəkici bir porno şəkil yerləşdirilmişdi. Kitab bir anda səs gətirdi, ən çox satanlar siyahısına düşdü. Bestseller olaraq bir həftədə minlərlə kitab satıldı. 1969-cu ilin ən çox satılan kitabı oldu.

Yazar Penelope Aşe isə mediada görünmürdü. Ev xanımı olan bu yazıçının indiyə qədər heç bir əsəri, kiçik bir məqaləsi də yox idi. Kitab haqqında yazılan müsbət və ya mənfi heç bir fikrə cavab vermirdi. Bu səssizliyi ilə P.Aşe daha çox diqqət çəkməyə davam edirdi. Bir il boyunca ən çox satılan bu kitab eyni zamanda haqqında ən çox danışılam və yazılan kitab olmuşdu.

1969-cu ilin avqustunda kitabın mistikası çözüldü. David Frost Show proqramında “Əcnəbi çılpaq gəldi” kitabının yazıçısının qonaq olacağı anonsu verildi. Təxmin edə bildiyiniz kimi, o axşam proqramı izləmək üçün bütün ABŞ tamaşaçıları televizorlarının önündə gözləyirdilər. D.Frost isə studiyaya kitabın yazarını dəvət etdiyi zaman səhnəyə evdar xanım olan P.Aşe çıxmadı. 24 nəfər jurnalist və yazıçılardan ibarət qrup sıra ilə studiyaya daxil olduqları zaman insanlar təəccübləndilər. O axşam bestsellerın bütün sirləri ifşa olacaqdı.

Bu kitabın yazılma fikrinin sahibi Nyusdey qəzetinin yazarı Mayk Mekgreydi idi. Kitab, dövrünün Azerikan ədəbi mədəniyyətinin əsində yalanlar üzərində qurulduğunu sübut etməyi hədəfləmişdi, əslində sonunda hədəfinə çatdı. M.Mekgreydinin məqsədi həm qəsdən dəhşətli çalarlar əlavə etmək, həm də pornoqrafik səhnələrlə zəngin olan bir kitab yazmaq, məşhur Amerika ədəbi mədəniyyətinin ağılsızca vulqarlaşdığını göstərmək idi. O inanırdı ki, içərisində seks, pornoqrafiya olan istənilən nəsnəni möhtəşəm əsər kimi təqdim etmək, satmaq mümkündür. Daha doğrusu, sırımaq mümkündür. Bunun  üçün o, 24 nəfərlik qrup müəyyən edir, on doqquz kişi və beş qadından ibarət qrupa ağıllarına gələcək ən açıq-saçıq səhnələr yazmağı tapşırır. Kitabdakə məzmun rabitəsizliyinin səbəbi də məhz budur. Çünki, bir birindən asılı olmayan, xəbərsizcə yazılmış 24 fərqli mətnin toplusunu bir adla, bir mətn kimi çap edirlər.

Əlbəttə, romana bir də yazıçı adı lazim idi. Penelope Aşe əslində yazar və ya ədəbiyyatçı deyildi. Heç belə bir isim də mövcud deyildi. Kitabın üzərindəki şəkil Mayk Mekgreydinin evdar xanım olan baldızı Billie Young idi. Bu oyunun bir parçası olmaq ona təklif edildiyində bu qədər məşhur olacağını xəyal etməmişdi. Ama o il ən çox satılan kitabın üzərində şəklinin çap edilməsi təklifini tərəddüdsüz qəbul etmişdi. 

Kitabın sirrinin ifşa edilməsi onun satışını əngəlləmədi. Tam əksi baş verdi. 1969-cu ilin avqust ayına qədər sadəcə yirmi min nüxsə satan kitab ilin sonuna qədər 90 mindən çox satdı. Kitab 13  həftə boyunca Nyu Yurk Taymsın ən çox satılanlar siyasısında qalmağı bacardı.

Kitab isə teatr və film səhnəsində də yer aldı. Bu günə qədər də internet satışları davam edən kitab mədəni ikiüzlülüyün sübutu kimi tarixdə öz yerini aldı. Yazarlarından biri isə memuarlarında “Əcnəbi çılpaq gəldi” romanına “ən axmaq bestseller” adını verdi.

Şəbnəm KARSLI
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top