Böyük Depressiya günləri - Oğuz Ayvaz yazır...

ANALİTİK 08 fevral 2021, 11:39
Karvannews Oğuz Ayvazın “Kütləvi depressiya” yazısını təqdim edir.

Keçən ilin əvvəllərində dünya insanlarını cənginə alan koronavirus kainatın mənzərəsini kökündən dəyişdi. İnsanlar evlərinə qapandı, üzlərdə maskalar göründü, spirt, tibbi əlcək istifadə olunmağa başladı. Dərslər, işlər, kafelər, kitab evləri onlayn rejimə keçdi. Sanki ibtidai icma quruluşuna geri qayıtdıq. Yaratdığımız mağaralarımızda həyatda qalma instiktlərimiz oyandı. Fasilələrlə işləyən yollar, iş yerləri bizim üçün ova getməyə bənzədi.

Həmişə dolub-daşan, çığır-bağırı əskik olmayan Bakı küçələri boşaldıldı, hər şey sükuta qərq olundu. Bu günlər tək bizim ölkədən yox, dünyadan maraqlı fotolar paylaşıldı: korona ilə ironiya edib maska yerinə əleyhqaz taxanlar gözə dəydi, Hindistanda karantin qaydalarını pozaraq küçəyə çıxanlar dəyənəklə cəzalandırıldı, zibil atmağa çıxanların mübarizəsi komik şəkildə şərh edildi, bir sözlə, dünyamız film kimi günlərə start verdi.

Zaman keçdikcə bu vəziyyətə alışdıq. Pandemiyanı həyatımızın ayrılmaz hissəsinə çevirdik. Lakin son vaxtlar ölkəmizdə artan intihar hadisələri bizi pandemiyadan da çox üzdü...

Mənə elə gəlir, bunun başlıca səbəbləri dünyada baş verən qlobal depressiyadır. Medialar, sosial şəbəkələr insanlara ümidsizlik, neqativ enerji paylayır. Zatən hər şeydən məhrum olan insanlar çarəni intiharda görürlər.

Bu günlərdə cəmiyyətimizin əksər təbəqəsindən olan insanlar özlərini hüznlü, kədərli və ümidsiz hiss edirlər. Bunu ən yaxşı halda küçədə, sosial şəbəkələrdə müşahdiə etmək olur. İşindən ayrılmaq, virusa yoxulmaq, ac qalmaq, uşağını itirmək kimi bir çox məsələlərdə qorxu yaşayır insanlar. Bu proses artıq kütləviləşir. Beləcə kütləvi depressiya yaranır. Zatən XXI əsr çağdaş dünyamız qlobal depressiya dövrü yaşayır. İnternetin, texnikanın sürətlə inkişafı insanı tənhalığa gətirib çıxardır. Real münasibətlər, ünsiyyətlər, sosiallaşma getdikcə azalmağa doğru gedir. Hüznün uzanması, ruh sağlamlığının korşalması depressiyaya gətirib çıxardır.

Fərdlərin həyatını ümidsizlik, pessimizm, böhran bürüyür. Bu depresiyya həm də insanları tənahlığa gətirib çıxardır. Xüsusilə qocalarda və uşaqlarda bu hal daha qabarıq görünür. Bağçaların bağlanması, məktəblərin onlayn rejimə keçməsi uşaqlar üçün ilk başlarda sevindirici olsa da zamanla sıxıcı, stressli bir situasiyaya gətirib çıxardı. Həmçinin 65 yaşdan yuxarı yaşlı insanların küçəyə çıxa bilməməyi də onlar üçün ağır durum oldu. Axı həm qocaların, həm də uşaqların təmiz havaya ehtiyacları var.
İnsanlıq bir-biri üçün bu qədər darıxmamışdı. Qucaqlaşmağı, doyunca hava udmağı, səyahətlər etməyi, gəzməyi, əylənməyi bu qədər özləməmişdik. Bu dövr insan mənəviyyatını, insan iradəsini məhv etməyə hesablanıb. Güclü insanlar sağ qalanlar olacaq, əlbət. Həssas insanlar üçün bütün dövrlərdə dünya dözülməz bir yerdir. Mənim ən çox onlara yazığım gəlir.

Tarixə nəzər salaq, ABŞ-da yaşanmış Böyük Depressiya dünya iqtisadiyyatında geniş miqyaslı böhranın başlanğıcına çevrilmişdi. Şimali Amerikada sarsıntıların ən kəskin dövrü 1929-1933-cü illəri əhatə etmişdi. Böhranın başlanğıcı 29 oktyabr 1929-cu ilin “qara cümə axşamı” olmuş və bu zaman Nyu-York fond birjasında həyəcan başlamışdı.
Yalnız bir gün ərzində itirilmiş emitent 9 milyard dollar həcmində idi və bu o dövrdə dövriyyədə olan pul kütləsinin həcmindən iki qat çox idi. Bundan sonra ABŞ-da Böyük depressiya başlanır.

1932-ci ilin ortalarında amerikan şirkətlərinin səhm sahibləri ümumilikdə 74 milyard dollar pul itirir. Nəticədə ölkənin milli gəliri iki qat azalır. 135 mindən çox maliyyə, sənaye və ticarət şirkətləri müflisləşir. Demək olar ki, bütün ictimai institutlar bu və ya digər dərəcədə iqtisadi tənəzzül yaşayır.

Təkcə Böyük depressiyanın ilk 3 ilində 5 mindən çox bank müflis olur. Böhranla üzləşmiş müəssisələrin depozitlərində təxminən 3 milyarddan çox vəsait var idi. Ölkə rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq bank sisteminin iflasından qaçmaq mümkün deyildi. Belə də oldu. 1933-cü ilin fevral ayında Detroit ştatının bütün maliyyə təşkilatları bağlanır, martda isə bütün ölkə üzrə bank tətili elan edilir.

Böyük depressiyanın yaratdığı ciddi problemdən biri də kütləvi işsizlik idi. 1933-cü ildə işsizlik sayı 16 milyon insana çatmışdı ki, bu da ölkə əhalisinin 17%-i demək idi. Ölkə rəhbərliyi işsizlərə yardım etmək üçün effektiv federal proqram təklif etmədiyindən işsizlik fiziki şəxslərin ianələrinə və xeyriyyə fondlarına ümid etməli olurdu. Nəticədə depressiyanın 3-cü ilində ABŞ-da aclıq hökm sürməyə başlayır.

1933-cü ildə ölkə prezidenti, respublikaçı Herbert Huver seçkilərdə demokrat Franklin Ruzveltə məğlub olur. Sosial çaxnaşmanın qarşısını almaq üçün yeni rəhbərlik iqtisadi dirçəlmə üçün xüsusi tədbirlər düşünməyə başlayır. Bu zaman bank sisteminin dirçəldilməsi, kənd təsərrüfatı və sənaye sahəsində real addımlar atılır.

Dollar 40% dəyərsizləşdirilsə də, bu onu sabitləşdirməyə imkan verdi. Bu zaman işsizliklə bağlı yeni federal proqram qəbul edilir. Bu proqram ilk olaraq müavinətlərin verilməsini, 1936-cı ildən etibarən isə işədüzəltməyə zəmanət verirdi.

Hazırkı vəziyyət də ABŞ-ın düşdüyü duruma bənzəyir və təəssüf ki, ona doğru gedir. Artıq dünyada bir çox böyük şirkətlər işçilərini ixtisar edir, yaxud da şirkətlər müflis olur. Ancaq ümid edirəm ki, tezliklə dünya bunun da öhdəsindən gələcək.

Spirtdən istifadəni unutmayaq, maska taxaq, əllərimizi tez-tez yuyaq. Bütün bunları qaydasında etsək, bu illəti mümkün qədər yüngül adladarıq.

Lap küçədə fləşmob da keçirmək olar. Doyunca qucaqlaşarıq. Bəşəriyyətə sülh, sevgi, həmrəylik mesajı ötürərik. Bu günün gəlməsinə kimi səbrlə, əzmlə gözləməliyik.
Karantin günləri həm də bizə onu dedi ki, xoşbəxtliyi qazanmaq üçün savaşmalıyıq. Bu yolda əzablara, çətinliklərə sinə gərməliyik.

Gözləyək, işıqlı, mutlu günlərin gələcəyinə qədər gözləyək.
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top