Gözdəymə, bədnəzər - Batil inancın qısa tarixi

ANALİTİK 16 yanvar 2021, 12:15
Bəzən həyatımızın müəyyən vaxtlarında hər şey qaydasına düşür. Maddi rifahımız, mənəvi dünyamız zənginləşir, hüzur tapırıq. Belə olan hallarda isə mənfi enerji get-gedə bizi ağuşuna alır, problemlər, stress, üzgün anlar yaşamağa başlayırıq. Niyə hər şey birdən-birə alt-üst oldu? Kim bostanımıza daş atdı? Suallar içimizdə var-gəl edir. Günlərlə düşünürük.
 
Nəticədə suallara cavab tapırıq. Kiminsə gözü dəyib, bəd nəzərə tuş gəlmişik deyirik. Bu da olur bizim o suallara tapdığımız cavab. Buranı yadda saxlayın, qayıdacağıq. İndisə gəlin ilk olaraq cadunun, gözdəymənin, ofsunlanmanın keçmişinə nəzər salaq.
 
Dünyada fitrə, fövqəl güclər ilk dəfə Afrika qitəsində yaranıb. Necə ki günümüz Afrikada müxtəlif dinlər, qəbilələr mövcuddur. Qəbilələr arasında insan qurban vermək kimi də adətlər, ayinlər var. Beləliklə Afrikada yaranan fövqəl güclər tədricən Avropaya, daha sonra isə bütün dünyaya yayıldı.
 
Kütləviləşən bədnəzərlik müasir dünyamızda hələ də aktual olaraq qalır. Az qala Marsdan torpaq alacağımız bir zamana qədəm qoysaq belə kiminsə qismətini bağlamaq üçün falçılara üz tuturuq. Hələ cin çıxardanlardan danışmıram. Cinlər bizim üçün həmişə sevimli mövzu olub axı. O cümlədən, cin mifik obraz kimi ədəbiyyatda, kinoda, sənətdə öz əksini tapıb. Nənələrimizdən, babalarımızdan cin haqda nağıllar eşidəndə qorxudan dilimiz topuq vurardı.
 
İstənilən halda cəmiyyət olaraq cinə inanırıq, ondan qorxuruq, adını eşidəndə çəkinirik. Cinə ədəbiyyat kontekstində yanaşsaq, çox unikal bir magik-realist obraz olduğunu görərik. Nağıllarımızda tez-tez cinlərlə rastlaşırıq.
 
Quranda da cinlə bağlı ayələr mövcuddur. Deyilənə görə, cinlərin şərindən qorunmağın ən yaxşı yolu “Bəqərə” surəsini və həmin surədəki “Ayətül-kürsü”nü təkrar-təkrar oxumaqdır.
 
Quran ayələrinə cinlərin gəlib-getmiş ümmətlərdən olduğu deyilir. Onların da nəsilləri, əcdadları var. Cinlər insanlardan fərqli məkan ölçüsündə yaşayır, insanları görür, söhbətlərini dinləyirlər.
 
Gözdəymə, bədnəzər isə mənfi enerjili adamlardan keçir bizlərə. Onlar dünyanı qara rənglərlə görür, hər şeyin xaos, ağrı içində olduğunu arzulayır, xoşbəxt adamları da ovsunlayırlar. Ona görə hər zaman belə insanlardan uzaq gəzmək lazımdır.
 
Nəzərin gerçək və insanın taleyi ilə yaxından əlaqəsinin olduğunu ifadə edən Məhəmməd peyğəmbər deyirdi ki, nəzər insan qədərini dəyişdirəcək gücdədir.
 
Mənə görə bədnəzərdən qaçış yolu yoxdur. Həyatımızın müəyyən hissələrində mütləq ki, neqativ hallarla rastaşacağıq, üzüləcəyik. Belə olmasa həyatın, insanların qədri bilinməzdi.
 
Öz həyatımdan bir nümunə çəkim. Dostumla univeristetə hazırlaşırdıq. Mən qəbul olundum, o isə hərbi xidmətə yollandı. Anası anama bəd ağzını açdı, mənfi enerji ötürdü. Həmin gün qolumu şüşə kəsdi. Anam qolumun al-qan içində olduğunu görüb ağlamağa başladı. Və o qadının necə qaraniyyət olduğunu dedi. Bu hadisənin üzərindən illər keçsə belə qolumda kəsiklərin izləri qalıb.
 
Cəmiyyət olaraq göz dəyəndə ya üzərlik yandırır, ya da alova duz səpirik. Belə olan halda bəd enerji üzərimizdən qalxır. Batil inanc olsa belə bizim üçün bu ritual az qala müqəddəsləşib. Çox maraqlı bir nüans var. Üzərliyin ən çox yetişdiyi yerlərdən biri qəbiristanlıqlardır. Cəmiyyətimizdə üzərliyə olan mistik inanc bu bitkinin məzarlıqlar civarında yetişməsilə bağlıdır. Azərbaycan mifologiyasında, inanclarında və elə indiki məişətində üzərlik daha çox bir xüsusiyyətinə görə seçilir: insanı bədnəzərdən qoruması. Ona görə üzərliyə demək olar ki, hər evdə rast gəlmək mümkündür. Qara qüvvələri qovmaq və evdəki insanları bəd nəzərdən qorumaq məqsədilə çox vaxt belə bir üsul tətbiq edilir: üzərliyin yumru (toxum olan) hissələri qırılır, bir qədər sarımsaq və ya soğan qabığı, duz götürülür. Daha sonra onları birlikdə yandırıb tüstülədirlər. Bu ritualı həyata keçirərkən tüstü bədnəzərdən qorunmalı olan şəxslərin başı üzərində hərlədilir və müxtəlif təsirli ifadələr söylənilir.
 
"Kəm göz" inancının mənşəyi çox qədimlərə söykənir. Qədim mədəniyyətlərdə görülən bu inanc xüsusilə aşağı təbəqənin insanlarında özünə inam qazanıb, günümüzə qədər həyatda qalmağı bacarmışdır. Kəm gözlərdən qorunma inancı hər cəmiyyətdə fərqli üsullarla həyata keçirilir. Ən məşhur üsullardan biri nəzər muncuğu kimi ilişər taxmaq ya da üzərində, tilsim kimi dua yazılı kağızlar daşımaqdır. Bəzi asiyalı xalqlarda uşaqların gözlərinin ətrafına qara boya sürtürlər. Belə olan halda uşaqlar bəd nəzərdən müdafiə olunurlar.
 
Köhnə çağlarda, ölülər, pərilər və cinlərin birlikdə yaşadıqları bir aləmin var olduğuna inanılırdı. Bu aləmə bağlı olan insanların, xüsusilə də cadugərlərin gözlərində pis ruhların olduqlarına tapınardılar. Buna görə də onların baxışlarının çox güclü və zərərli olduğu düşünülərdi.
 
Yekun olaraq sizə bir nəsihətim var: Ətrafınızda neqativ adamlarla ünsiyyətdən, münasibətlərdən qaçın. Ən yaxşı, sınanmış və modern "kəm gözlərdən qaçma" üsulu, mənə elə gəlir, budur.

 

DİGƏR XƏBƏRLƏR

Loading
Top