Şamaxı Rəsadxanası-elm ocağı

ANALİTİK 09 yanvar 2021, 11:41
Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) - Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun "Astrofizika" sektoru bazasında 1960-cı ildə yaradılıb. Şamaxı Astrofizika Rəsədxanası dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir. Bu rəsədxana çətin müşahidə edilən cənub göyünün öyrənilməsində dünyanın bir çox rəsədxanası ilə müqayisədə müəyyən üstünlüklərə malikdir. Burada aydın gecələrin sayı 190-200-ə çatır. Başqa sözlə desək, mindən artıq dünya rəsədxanası arasında Şamaxı rəsədxanası öz teleskoplarının sayına, çeşidinə, gücünə və bir sıra parametrlərinə görə ən önəmli yerlərdən birini tutur.

Qısa müddətdə yaşayış qəsəbəsi (Yusif Məmmədəliyev adına) və iş binaları tikilib, teleskoplar və digər elmi cihaz və avadanlıqlar quraşdırılıb: 2 metrlik teleskop, üfüqi Günəş teleskopu, AZT-8, AST-452, Seys-600 və başqaları. Şamaxı Astrofizika Rəsədxanası Böyük Qafqaz dağının şimali-şərqində Bakıdan 150 km məsafədə Pirqulu dağının şərq yamacında yerləşir. XX əsrdə milli astronomiya elminin inkişafında yeni əlamətdar bir mərhələ başlanıb. 1927-ci ildən Azərbaycanda astronomiya ekspedisiyları fəaliyyətə başladı. Bu ekspedisiyalar Şamaxı da daxil olmaqla Azərbaycanın bir sıra rayonlarını tədqiq etmiş, son nəticədə rəsədxananın tikilməsi üçün Pirqulu ərazisininə üstünlük verilməsini tövsiyyə edib. Rəsədxananın yaradılması ilə əlaqədar layihələrin işlənməsi əvvəlcə Azərbaycan SSR Elmlər Akademiyasının Fizika-Riyaziyyat İnstitutunda Astrofizika bölməsi təşkilatçılığı ilə aparıldı. Sonra isə bu şöbə müstəqil astrofizika bölməsi kimi Azərbaycan SSR Elmlər Akademiyasının tərkibinə daxil edilmişdir. Nəhayət astrofizika bölməsi və onun Pirqulu dağı  yaxınlığında astronomiya stansiyasının əsasında Astrofizika Rəsədxanasının təşkil olunmsı haqqında qərar verilib. Rəsədxananın tikintisi 1958-ci ilin sonunda başlayıb. Hal-hazırda orada akademik Yusif Məmmədəliyevin adını daşıyan yaşayış qəsəbəsi, idarələr, məktəb, uşaq bağçası, qonaq evi, yeməkxana, poçt şöbəsi, poliklinika, qarajlar, lazımi texniki qurğular vardır. 

Prezidentin 5 sentyabr 2008-ci il və 21 iyul 2009-cu il sərəncamları ilə Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının həyatında yeni əlamətdar mərhələ başlandı. Nəticə etibarilə Şamaxı Astrofizika Rəsədxanasıın maddi-texniki bazasının möhkəmləndirilmiş, əsaslı təmir və yenidənqurma işləri aparılıb, yeni binalar və qurğular işə salınıb. Prezidentin qərarı ilə Şamaxı Astrofizika Rəsədxanasının elektrik, qaz və su təchizatı üçün kompleks tədbirlərin həyata keçirilməsi,  "Azərenerji" ASC, "Azəriqaz" ASC-nə,  telefonların quraşdırılması və sürətli internetlə təmin edilməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə ətraf mühitin qorunması isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Şamaxı Rayon İcra Hakimiyyətinə və Azərbaycan Milli Elmlər Akademiyasına tapşırılmışdır. Yenidənqurma işlərinin tam başa çatandan sonra ŞAR regionda ən güclü və əhəmiyyətli rəsədxanalardan biri olacaq. ŞAR Nəsirəddin Tusinin adını daşıyır.  ŞAR-ın rəsmi yaranma tarixi 13 yanvar 1960-cı ildir. Səmada Azərbaycanla bağlı 11 ad vardır və müvafiq obyektlərdən biri - kiçik planet ŞAR-ın adını daşıyır. 2002-ci ildə ŞAR-ın keçmiş Batabat Bölməsinin və Ağdərə Astronomiya Stansiyasının bazası əsasında Naxçıvan Muxtar Resbublikası ərazisində Azərbaycanın hündür yerlərindən birində yerləşən Batabat Astrofizika Rəsədxanası təşkil edilib. Şamaxı Astrofizika Rəsədxanasından verilən bilgiyə görə, bu elm ocağında indiyədək minlərlə səma cisimlərinin xassələri öyrənilib, rəsədxana bir sıra kosmik proqramlarda bilavasitə iştirak edib. Rəsədxana əməkdaşlarının aldıqları elmi nəticələr dünya alimləri tərəfindən layiqincə qiymətləndirilib, 20-dək əməkdaş bir sıra beynəlxalq elmi təşkilatlara üzv seçilib. Marsda və Ayda bir neçə krater Şamaxı Astrofizika Rəsədxanası əməkdaşlarının adı ilə adlandırılıb. Azərbaycan astronomlarının qazandıqları nüfuz sayəsində Beynəlxalq Astronomiya İttifaqı tərəfindən bir sıra kiçik planetlərə Azərbaycan adı verilib. 2007-ci ilin sentyabrında ABŞ rəsədxanasında kəşf olunmuş daha bir kiçik planetə AMEA-nın müxbir üzvü Əyyub Quliyevin adı verilib.

Rəsədxana AMEA tərəfindən təsdiq olunmuş elmi proqram əsasında fəaliyyət göstərir. Proqram dünya elminin ən qabaqcıl və prioritet problemləri ilə uzlaşdırılmışdır. Rəsədxananın fəaliyyəti çərçivəsində qalaktikaların, ulduzların, planetar dumanlıqların, günəşin, planetlərin və kometaların müşahidəsi aparılır. Günəş-Yer əlaqələri çərçivəsində respublikanın səhiyyə, energetika strukturları ilə birgə işlər görülür, rəsədxananın bu sahə ilə bağlı gündəlik məlumatları respublika KİV-ində çap olunur və praktiki məsələlərdə istifadə edilir. Rəsədxana Azərbaycan elminin təbliği üçün də önəmli fəaliyyət göstərir. Buraya hər il minlərlə turist, məktəbli, xarici qonaqlar gəlir. Onların hamısına burada görülən işlər barədə ətraflı məlumat verilir. Prezidentin imzaladığı iki sərəncama əsasən, Prezidentin Ehtiyat Fondundan rəsədxanaya birinci dəfə 5 milyon, ikinci dəfə isə 3 milyon manat vəsait ayrılıb. Dövlət başçısının sərəncamlarından sonra rəsədxananın baş korpusu əsaslı təmir edilib. Binanın dam örtüyü yenilələnib, su, elektrik, siqnalizasiya, telefon və internet xətləri çəkilişi, daxili divarlara alçipan, xarici divarlara alkapon örtüklərin çəkilişi başa çatdırılıb. Baş korpusun istiliklə təmin edilməsi məqsədilə qazanxana və rəsədxananın girişində keçid məntəqəsi tikilib, rəsədxananın ətrafına hasar çəkilib. Şamaxı Astrofizika Rəsədxanasında üç əsas istiqamətdə elmi işlər görülür: ulduzlar fizikası, Günəş sistemi cisimlərinin dinamikası və fizikası, Günəş fizikası. Günəş fizikası sahəsində əsas elmi nəticələr Günəş alışmalarının inkişafı, maqnit sahəsi və Günəş atmosferinin incə quruluş əlaqələri üzrə əldə olunub. Beynəlxalq və xüsusi proqramlar üzrə patrul müşahidələri aparılıb. Ulduz fizikası sahəsində qeyri-stasionar, dəyişən və qoşa sistem ulduzları, maqnit və geniş örtüklü ulduzlar, super sıxlıqlı ulduzlar tədqiq olunub. Günəş sistemi cisimləri fizikası və dinamikası sahəsində planetlər və onların peykləri tədqiq olunub. Rəsədxananın hazırda 152 əməkdaşı var: onların 55-i elmi işçi, o cümlədən 4 nəfər fizika-riyaziyyat elmlər doktoru və 23 nəfəri elmlər namizədi, 8 nəfəri isə mühəndislərdir. Əməkdaşılardan ikisi AMEA-nın müxbir üzvüdür. Bir əməkdaş Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb.

Rəsədxananın aşağıdakı struktur bölmələri vardır: Şamaxı Astrofizika Rəsədxanası Bakı şəhər bölməsi;  “Səma cismlərinin spekroskopiyası” şöbəsi; “Səma cismlərinin fotometriyası və polyarimetriyası” şöbəsi; “Günəş fizikası” şöbəsi, “Günəş və Yer əlaqələri” şöbəsi, “Planetlər və kiçik səma cismləri” şöbəsi, “Müşahidə texnikasının təkmilləşdirilməsi” şöbəsi  və  “Əlaqələndirmə və təşkilat” şöbəsi. Rəsədxanada həmçinin elmi kitabxana, müvafiq inzibati-idarə etmə bölmələri, texniki emalatxana, alüminumlaşdırıcı qurğu və s. də fəaliyyət göstərir. Rəsadxanada 2-metr uzunluğunda teleskop da var. Bu teleskop ŞAR-da Almaniyanın “Karl Seyss Yena” şirkətinin istehsalıdır və 1966-cı ildə quraşdırılıb. 2-metrlik teleskop 3 müxtəlif optik sistemi özündə birləşdirir və əsasən spektral müşahidələr üçün nəzərdə tutulub. Əsas güzgü parabolikdir, açıq səthinin diametri 2000 mm və fokus məsafəsi 9000 mm-dir. Baş fokus sisteminin görüş sahəsi korrektorsuz 6"x6"-dir. Korreksiya sistemi teleskopun faydalı görüş sahəsini 21"x21"-ə qədər artırır. Kassegren sisteminin fokus məsafəsi 29 500 mm, Kude sisteminin fokus məsafəsi 72 000 mm-dir. 2-m teleskop aşağıdakı işıq qəbulediciləri ilə təmin olunub: zəif obyektlərin spektrlərinin alınması üçün istifadə olunan 2 difraksiya qəfəsi və 3 kamera ilə təchiz olunmuş baş fokus spektroqrafı; Kasseqren fokusunda zəif ulduzların spektrlərini almaq üçün prizmalı spektroqraf, ulduzların kəmiyyət baxımından spektral analizi üçün orta dispersiyaya malik 2 kameralı difraksiyalı spektroqraf; Baş (görüş sahəsi sahə 14"x14") və Kasseqren (4"x4") fokuslarında səma cisimlərinin fotoqrafiyası üçün 3056x3056 piksel ölçülü CCD matris (termoelektron soyutma) və beynəlxalq filtr dəsti ilə təchiz olunmuş 2 kaset qurğusu;  Kasseqren fokusunda zəif ulduzların yüksək ayırdetməli spektrlərinin alınması üçün ayırdetmə qabiliyyətləri 15000 və 25000 olan və 530x580 piksel ölçülü CCD matris (azotla soyutma) ilə təchiz olunmuş 2 kameralı Kasseqren eşelle spektroqrafı. Parlaq ulduzların yüksək və daha yüksək ayırdetməli spektrlərinin alınması üçün Kude fokusunda yeləşdirilmiş ayırd etmə qabiliyyəti 30 000, 200 000, 400 000 olan universal kude eşelle spektrometri; kompüter və digər müvafiq elektron avadanlıqlar var.

Məhsəti Şərif
 
 
 
 
 
 
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top