Son yüz ilin iqtisadi böhranları - Şəbnəm Karslı yazır

ANALİTİK 30 dekabr 2020, 10:20
 
Karvannews.com Şəbnəm Karslının “Son yüz ilin iqtisadi böhranları” adlı yazısını təqdim edir.

Tarixin heç bir dövründə son yüz ildə olduğu qədər çox iqtisadi böhran baş verməmişdi. Qlobal iqtisadi böhran yaşadığımız bu ildə dönüb tarixə baxmaq, nəticə çıxarmaq gələcəyə inamımızı artıracaq. Hər böhran öz çarəsini də özü ilə bərabər gətirir və hər krizin özünəməxsus inkişaf, yenilik kimi nəticələri olur. Keçmiş yüz ilin iqtisadi böhranları bunlar olmuşdur:

1. 1917-1921 (İqtisadi tənəzzül: 4,4%)

Birinci Dünya Müharibəsinin nəticəsi olaraq meydana gələn iqtisadi böhran tənəzzüllə nəticələndi. Dörd il davam edən iqtisadi kriz 1921-ci ildə başa çatdı. Dokkuz il boyunca böyük dövlətlərin planlama siyasətləri nəticəsində nisbətən orta dövr yaşanılsa da, yenidən çöküşün yaşanması labüd idi.

2. 1930-1932 (İqtisadi tənəzzül: 17,6%)

Bu dövrə iqtisadiyyatçılar Böyük Böhran illəri deyirlər. 1929-cu ildə Nyu-York Borsasının çökməsi ilə başlayan kriz XX əsrin ən böyük iqtisadi tənəzzülünü yaşatdı. Hissə kağızlarının qiymətlərinin anidən düşməsi gününü isə Qara Cümə axşamı olaraq xatırlayırlar. Bu böhran zamanı yüzlərlə şirkət iflas oldu, yüz minlərlə insan işini itirdi. ABŞ, Avropa və Avstraliya isə krizin ən çox təsir etdiyi coğrafiyalar idi.

3. 1938 (İqtisadi tənəzzül: 0,5%)

Böyük Böhrandan sonra dünya iqtisadiyyatı çətinliklə dirçəlməyə başlayırdı. Qlobal iqtisadi göstəricilər 1937-ci il etibarilə yenidən düşməyə başladı. Mütəxəssislər bu bçhran dövrünü 1937-ci ilin may ayından 1938-ci ilin İyun ayına qədər davam etdiyini bildirirlər. 1939  böhranı dünyanın demək olar ki, hər yerində təsirini göstərdi, amma ən çox ABŞ iqtisadiyyatı üzərində uçurum yaşatdı.

4. 1945-1946 (İqtisadi tənəzzül: 15,4%)

Tarixlərə baxanda da məlum olduğu kimi, İkinci Dünya Müharibəsindən sonra tənəzzülün baş verməməsi imkansız idi. 70-dən çox ölkənin iqtisadiyatı məhz bu savaş dövründə çökdü. Dünya iqtisadiyyatı bu krizdən sonra yenidən formalaşacaqdı.

5. 1975 (İqtisadi tənəzzül: 0,8%)

İkinci Dünya Müharibəsindən sonra dünya iqtisadiyyatı qlobal miqyasda inkişaf dövrünə qədəm qoydu. Lakin 1970-ci illərin başlarında inkişaf etmiş ölkələrin iqtisadi göstəriciləri aşağı düşməyə başladı. Qlobal iqtisadiyyat isə tənəzzül fonunda inflyasiyanın yaşanmasına və bu da öz növbəsində stagflyasiyaya səbəb oldu. 1973-cü ildə dünyanın qarşılaşdığı neft krizi və ABŞ prezidenti Riçard Niksonun Breton Vuds sistemini gözlənilməyən qərarla sona çatdırması 1975 böhranının əsas amillərindən hesab edilir.

6. 1982 (İqtisadi tənəzzül: 1,3%)
 
1973-cü ildə yaşanan neft böhranından sonra 1979-cu ilə müşahidə edilən enerji böhranı yeni bir iqtisadi tənəzzülə səbəb oldu. Bu tənəzzül dövrü həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrə təsirini göstərdi. ABŞ və Yaponiya kimi ölkələr üçün nisbətən az təsirli böhran oldu. Lakin neft ixracatçıları üçün iqtisadi böhran olduqca dərin idi. İkinci Dünya Müharibəsindən sonra qlobal miqyasda ən böyük iqtisadi böhran olaraq tarixə düşdü.

7. 1991 (İqtisadi tənəzzül: 0,3%)

1990-cı illər dünya coğrafiyasının yenidən formalaşdığı və tarixin yeni dövrə qədəm qoyduğu illər idi. Dünya soyuq müharibə dövrünün başa çatdığını bilirdi. Amma eyni zamanda Körfəz müharibəsi enerji sektorunda böhrana səbəb olurdu. 1980-ci illərin yüksək göstəriciləri sürətlə düşürdü. Böyük dövlətlər müdafiə xərclərini artırmağa davam edirdilər. Xarici borclanma heç olmadığı qədər artırdı. Dünya xəritəsinin dəyişməsi və yeni dövlətlərin ortaya çıxması etibarlılıq anlayışına mənfi təsirini göstərdi. Yeni bank sistemlərinin meydana çıxması da məhz bu dövrə təsadüf edirdi. Nəticədə isə Qərb ölkələri başda olmaqla, dünya iqtisadiyyatı qlobal tənəzzüllə qarşılaşdı.

8. 2009 (İqtisadi tənəzzül: 2,9%)

Daha çox ABŞ və ABŞ iqtisadiyyatına bağlı ölkələri əhatə edən bu krizə dövlətin İpotek qanununa etdiyi dəyişikliklər və borcların ödənməsində ortaya çıxan problemlər səbəb oldu. Nəticədə, ABŞ və bir çox ölkələrdə əmlak sektoru iflas etdi. Maliyyə sahəsində tənəzzül yaşandı. Benəlxalq Valyuta Fondunun verdiyi açıqlamada isə 2009-cu il böhranı dünyanın yaşadığı ən böyük qlobal böhran olduğu deyildi. Daha çox inkişaf etmiş ölkələrə təsiri ilə tarixə keçdi.

9. 2020 (İqtisadi tənəzzül: %6,2)

Koronavirus pandemiyası nəticəsində beynəlxalq iqtisadiyyatın 5%, adambaşına düşən gəlirin isə 6% azalacağını təxmin edən mütəxəssislər bu böhranı son yüz ilin ən təsirli krizi adlandırırlar. 2019-cu ilin sonlarında Çində meydana çıxan yoluxucu xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə fərqli ölkələrdə qadağalar tətbiq edildi. Həm ölkələrarası səyahət, həm lokal səyahət qadağalarının nəticəsində dünya qlobal miqyasda böhranla qarşılaşdı. Demək olar ki, bütün sektorları və ölkələri əhatə edən böhran peyvənd axtarışlarına bağlı olaraq ya davam edəcək, ya da 2020-ci ildə başa çatacaq.
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top