2020-ci ili necə xatırlayacağıq? – Oğuz Ayvaz yazır

ANALİTİK 31 dekabr 2020, 15:46
2020-ci ili geridə qoyuruq. Bu il yəqin ki, uzun müddət yaddaş arxivimizdə qalacaq. Ağır, monoton, sevinc, kədər, depressiya ili... Hissləri, emosiyaları uzatmaq da olar. Yəqin ki, bu il Qarabağ işğaldan azad olunmasayadı 2020-ni lənətli il kimi xatırlayacaqdıq. Başlayaq ilin lap əvvəlindən...

Cinayət hadisələrinin çoxaldığı vaxtlar başlamışdı. Nərmin adlı bir qızcığazın öldürülməsi hamımızı dəhşətə saldı. Həftələrlə onun qatilini axtardılar, öldürülməsi haqqında müxtəlif şayələr dolaşdı. Həqiqət isə dəyişmirdi – Nərmin həyatdan köçmüşdü. Ümidləri ilə, arzuları ilə...

Ardınca parlamanet seçkilərinin olacağı elan olundu, sosial mediada namizədlərin posterləri sərgiləndi. Namizədlərin “hərəyə bir nənə öpək” kompaniyası uğurla başa çatdı, günlərlə gündəmdən düşmədilər.
 
Avstraliyadakı dəhşətli yanğın. Kenquruların gözyaşları, heyvanların insanlardan yardım istəməsi necə ağır mənzərə idi.

Dünyadakı qəzalar, təbii fəlakətlər qəfil çoxalmağa doğru gedirdi. Birdən ortaya koronavirus adlı bir virus peyda oldu. Çindən başlayan epidemiya qısa zamanda bütün dünyanı cənginə aldı.

Kainatda pandemiya elan olundu, qapanmalar, karantin, qrup halında gəzmək, 65 yaşdan yuxarı olan insanlara evdən çıxmaq qadağan edildi, təhsil müəssisələrində tətil vaxtı uzadıldı, ölkə ərazisində iri ticarət mərkəzlərinin, “Mall”larının fəaliyyəti, rayonlara giriş-çıxış dayandırıldı, ictimai iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olundu. Həmişə dolub-daşan, çığır-bağırı əskik olmayan Bakı küçələri boşaldıldı, hər şey sükuta qərq olundu. Bu günlər tək bizim ölkədən yox, dünyadan maraqlı fotolar paylaşıldı: korona ilə ironiya edib maska yerinə əleyhqaz taxanlar gözə dəydi, Hindistanda karantin qaydalarını pozaraq küçəyə çıxanlar dəyənəklə cəzalandırıldı, zibil atmağa çıxanların mübarizəsi komik şəkildə şərh edildi, bir sözlə, dünyamız film kimi günlərə start verdi.

Karantin günləri həm də bizə onu dedi ki, xoşbəxtliyi qazanmaq üçün savaşmalıyıq. Bu yolda əzablara, çətinliklərə sinə gərməliyik. Həm erməniləri, həm də virusu məğlub edənə qədər mübarizəmizdən dönməməli, iradəmizi ortaya qoymalıyıq. Şükür ki, erməniləri yendik, indi korona qalıb. Onu da məğlub edəcəyik.
 
44 günlük Vətən Müharibəsi də ilin ən maraqlı hadisələrindən idi. Həm sevindik, həm göz yaşlarına büründük. Tanrı şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun!
 
Torpaqlarımızın işğaldan azad olunma xəbərləri və prezidentin çıxışları o günlərin ən gözəl anlarıydı. Ermənilər tərəfindən Gəncəyə, Bərdəyə, Tərtərə atılan raketlər və ölən mülki şəxslər bütün ölkəni hüznə boğdu. Şuşanın işğaldan azad edilməsi yəqin ki, ilin ən gözəl xəbəri oldu. Müharibə dayandırıldı, üçtərəfli bəyənat imzalandı. Tarixdə ilk müharibədir ki, internet üzərindən bitdiyi bildirildi. Kəlbəcər, Ağdam, Laçın bizə qaytarıldı. Eyni zamanda illərdir əsirlikdə olan həmvətənlərimiz Vətənə qayıtdı. İllərdir həsrətində qaldığımız Qarabağ torpaqlarını videolarda, şəkillərdə görüb kövrəldik. Zəfər paradı keçirildi, 8 noyabr ölkədə Zəfər günü elan olundu.
 
Hələ də yəqin ki, o günləri yuxu kimi xatırlayırıq.
 
2783 Vətən müharibəsi şəhidi, yaralı əsgərlərin öz evlərinə qayıtması, hərbçilərin təltif olunması da ilin yaddaqalan hadisələrindən oldu.
 
2021-ci ildən ən böyük arzum koronanın tamamilə ortadan qeyb olması, həyatımızın daha rəngli, daha parlaq olmasını istəməkdir.
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top