“Z” NƏSLİ – HƏR ŞEY BAŞQA OLACAQ

ANALİTİK 24 dekabr 2020, 15:19
“Z” nəslinin psixologiyası və gələcəyin yenidən şəkillənməsi
 
Son dövrdə “Z” nəsli ifadəsini çox eşitməyə başladıq. Kimlərdir bu nəslin nümayəndələri?

Əsasən 2000-ci ildən sonra doğulanları əhatə etdiyi bildirilsə də, bir çox sosioloqlar onları 2003-cü il və sonrakı illərdə doğulanlar kimi də qəbul edirlər. Bu nəslin yaş qrupu etibarı ilə fərqli rəqəmlərlə təqdim etsələr də, onların psixologiyası, dünyaya, siyasətə, iqtisadiyyata, öz həyatlarına və gələcəyə baxışları ilə tanımaq mümkündür. İnternet dövründə doğulan və texnologiyanın mərkəzində yer alan bu nəsil bəzən “İnternet əsrinin uşaqları” leksikonu ilə də fərqli ədəbiyyatlarda göstərilməkdədir.
Daha yaşlı nəsillərdən onları fərqləndirən ən əsas xüsusiyyət məlumata – informasiyaya münasibətləridir. Daha çox öyrənməyə, intellektə və elmə oxuyaraq, təhsil alaraq çatan, əzbərə əhəmiyyət verən digər nəsillərdən fərqli olaraq “Z” nəsli məlumatı necə əldə edəcəyinə köklənmişdir. Bir informasiyanı öyrənib yadda saxlamaq yerinə o məlumatı ən tez və doğru haradan əldə edəcəyini düşünür. Bu da gələcəkdə hər şeyin daha çox rəqəmsallaşması ilə nəticələnəcəkdir. Bu da daha məlumatlı və bilgi sahibi bir nəslin gəldiyinin işarələrini daşıyır.

Psixoloqlara görə isə “Z” nəsli optimizmi ilə seçilir. Şəxsi maraqlarına daha çox əhəmiyyət verən, daha fərdiyyətçi, bütün bunlarla bərabər, sosial olaraq daha çox çevrəyə, əlaqələrə malik bir quşaqdır. Sosial mediada daha çox video və audio ağırlıqlı proqramlara üstünlük verirlər, oxumaq yerinə dinləməyi və görməyi seçirlər. İnternet imkanlarının da geniş olması onların üfüqünü daha da genişləndirir. Özünə güvənən, bacarıqlarını qiymətləndirməyi bilən, əskiklərini də məlumatı əldə etmə qabiliyyətləri ilə tamamlayan bu nəsil gələcəyə inamlıdır və gələcəyi də onların şəkilləndirəcəklərini bilirlər.

İqtisadi münasibətlərə də istehlakçı olaraq fərqli münasibətləri var. “Z” nəsli istehlakçıları daha çox çeşidi araşdıraraq daha uyğun qiymətə əldə edə bilməyi hədəfləyirlər. Bazar münasibətlərini yenidən formalaşdıracaq, sistemi kökündən dəyişərək vurtual aləmə daşıyacaq olan bu yaş qrupunun yeni iş sahələri və sistemlərini ortaya çıxaracaqları şübhəsizdir. Böyük şirkətlərdə sabit maaşlı işçi olmaqdansa kiçik şirkət quraraq az qazanmağı, bunun əvəzinə müstəqil qalmağı seçirlər. Podratçılıq və subpodratçılıq sistemləri üzərindən şirkətlərdə kiçilməyə gediləcəkdir.

Siyasi sistemlərdə də fərqli yanaşmalar müşahidə edilir. Bağlılıq, sədaqət hissindən daha çox dövrə, ana görə seçim edən “Z” nəsli heç bir təşkilata bağlı olmaq istəmir. Siyasi təşkilatlardan və ideolojik bağlılıqdan daha çox “İNSAN” faktoruna önəm verirlər. Seçim etdikləri şəxsin idoloji bağlılığından daha çox siyasi keçmişi, özəl həyatı, gülümsəyən üzü, özü kimi səmimi olması daha çox arzulanandır. Bunun nəticəsidir ki, son illərdə, yəni “Z” nəslinin səsvermə hüququ olduğu illərdən etibarən dünyanın fərqli yerlərində siyasətdən olmayan şəxslərin ciddi səs alaraq seçilməsi faktları görülməyə başlamışdır.

“Z” nəslinin ən böyük müsbət keyfiyyətləri daha təhsilli, bilgili olmalarıdır. Müstəqil və azad yaradıcılıq şəxsi inkişaflarına xidmət edəcək. Daha cəsarətli və daha az kompleksli olmaları şəxsi həyatlarında kömək edəcək. İnternet uşaqları olmaları dünyanı kiçildəcək və sosial münasibətlər sistemini yaxşılaşdıracaq.

Bu nəslin mənfi xüsusiyyətlərinə gəldincə, ən ciddi problem sədaqətsizlikləri olacaq. Bu da iş yerlərində, yaşadıqları yerlərdə problemlər yaradacaq. Çox əmək və zaman tələb edən işlərdən uzaq duracaqlar. Məşhur olmaq iddiaları isə şəxsi həyatlarında hər daim ciddi problem olacaq.
 
Bundan öncəki nəsillər hansılar idi?

1. Bumerlər (1945-1964). Əməksevər, zəhmətkeş, həyatlarını qazanmağa və yığmağa həsr edən nəsil.

2. “X” nəsli (1965-1975). İnanclı, ideologiyalarına, iş yerlərinə, hətta yaşadıqları məhəlləyə də sadiq olan, dəyişikliyi sevməyən, uzun illər eyni iş yerində təcrübə toplamış bir nəsil.

3. “Y” nəsli (1976-1999). Texnogiyanı daha yaxşı bilən, yeniliklərlə tanış olan, eyni zamanda keçmiş ənənələri də yaşamış bir nəsil. Sonuncu əzbərçi nəsil də deyilir.
 
Bir də “Milenyum nəsli” adlanan keçid dövrü var, 90-ların sonu, 2000-lərin əvvəllərində doğulan və sözün həqiqi mənasında arada qalmış bir nəsil. Ədəbiyyat, yaradıcılıq kimi sahələrdə istedadlıdırlar.

Şəbnəm KARSLI
 
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top