Təbii və şəbəkəsiz evlər – Yer üzü gəmiləri

ANALİTİK 25 dekabr 2020, 10:44
Son onilliklərdə iqtisadi artım daha çox təbii kapitalların - torpaq, su, meşə, enerji resursları, müxtəlif filizlər və s. tükənməsinə əsaslanmışdır. Təbii kapitalın məhdudlaşdırılmış ehtiyatları müasir iqtisadi tendensiyaların saxlanılması ilə planetin əhalisinin rifahının davamlı inkişafını təmin edə bilmir. BMT-nin ekspertlərinin qeyd etdiyi kimi ekoloji defisit və sosial ədalətsizlik kimi xüsusiyyətlərə malik  qtisadi model “yaşıl iqtisadiyyat”dan olduqca uzaqdır. “Yaşıl iqtisadiyyat”a keçid üçün prinsipcə ən əhəmiyyətlisi iqtisadi aktiv və ictimai fayda mənbəyi kimi təbii kapitalın qorunması və artırılması, onun istifadəsinin səmərəliliyinin yüksəldilməsi, funksiyalarının dəstəklənməsi və gələcək nəsillər üçün saxlanılması xüsusi əhəmiyyət daşıyır.

Təbii kapital davamlı inkişafın əsası kimi bütün ölkələrin iqtisadiyyatında mühüm rol oynayır. Dünya Bankının qiymətləndirməsinə görə Rusiyanın milli sərvətlərinin strukturunda təbii kapitalın payı 70%-ə yaxın, insan kapitalı 20%, fiziki kapital isə 10% təşkil edir. İƏİT-nin inkişaf etmiş ölkələrində isə təbii kapital təxminən 5%, insan kapitalı 85%, fiziki kapital isə 10% təşkil edir. Bu kimi qiymətləndirmələr ölkə və regionlar üzrə həddən artıq böyük həcmli verilənlərin operativ sistemləşdirilməsini və təhlilini tələb edir. Bu təlabatın fonunda dünyada yeni sistemlərin ortaya çıxması halları görüləkdədir. Bunların biri də təbii və şəbəkəsiz evlər – Yer üzü gəmiləri projeləridir.

Earthships – Yer üzü gəmiləri projesi fikrinin sahibi memar Michael Reynolds bu ideyanı ilk dəfə 1970-ci illərdə səsləndirmişdir. Bu projelər əsasən üç ana fikirlə layihələndirirlər. Birincisi, evlərin inşaatı zamanı yerli və təbii materiallardan, yenidən həyat verilmiş mallardan istifadə etmək. İkincisi, evi şəbəkəsiz inşa etməkdir, təbii ehtiyatlar isifadə edildiyi zaman israfa yol vermək olmaz. Üçüncü fikir isə inşaat işlərinin yerli materiallarla işləyən bacarıqlı və təcrübəli ustalara önəm verməkdir.

Yer üzü gəmiləri evlərinin istiqaməti cənuba (cənub yarımkürəsində şimala) dönmüş şəkildə olur. Bu, evin enerji təmini üçün günəşdən maksimum istifadə edilməsinə kömək edir. Projelərdə şəbəkə bağlantıları və sistemləri olmadığı üçün təbii qaynaqlar – günəş enerjisi əhəmiyyətli ana təməldir. Eyni zamanda, inşa edilən evlər yağış suyunun toplana bilinməsi üçün xüsusi dam sisteminə də malik olurlar. Yeraltı sular, quyularla bərabər yağış suları da arındırılıb istifadə edilir. Yerli materialların seçilməsi və istifadəsi zamanı təbii havalandırma sistemi də qurulur. İsti havalarda məkanı sərin, soyuq havalarda ilıq saxlaya bilmək projelərin həyata keçirilməsində təməl fikirlərdən biridir.
İndiyə qədər tikilib istifadəyə verilmiş Yer üzü gəmiləri evlərində daha çox təbii materiallar, alüminyum, şüşə, torpaq, doldurulmuş təkərlər kimi vasitələr önə çıxır. Bunun kimi evlərin materialları səbəbi ilə öyrəşdiyimiz 90 dərəcəli sərt küncləri olan evlər görə bilmirik. Evlərə baxdığımız zaman səliqəsiz, küncü olmayan qarışıq tipli tikililər orta çıxır. Evlərin şəkli isə əsasən U hərfini xatırladır. Ucları cənuba dönmüş U şəkilli evlər günəş enerjisindən maksimum istifadə etmək üçün ən əlverişli plandır.

Earthship – Yer üzü gəmiləri layihələrinin insan ehtiyaclarını təmin etməsi üçün aşağıdakı altı ana fikri unutmamaq lazımdır:

1. Termal və ya günəş enerjisi istifadə edərək isitmə və soyutma;
2. Enerji üçün günəş, yağış, mexanik enerjinin istifadə edilməsi (dəyirman);
3. Kanalizasiya sisteminin qurulması və toplanan tullantıların gübrəyə çevrilməsi;
4. Təbii materialların inşaatda istifadəsi. Eyni zamanda tullantıların inşaata cəlbi;
5. Su toplamaq üçün yağış, yeraltı sulardan istifadə;
6. Qida üçün əlverişli təbii şərait yaratmaq.
 
Yer üzü gəmiləri projeləri dünyada sürətlə yayılmaqdadır. İnşası və həyata keçirilməsi bahalı və çətin görünsə də reallaşdıqdan sonra ömür boyu şəbəkə sistemdən uzaq, asılı olmayan müstəqil evə çevrilirlər. Bu evlərə sahib olan insanlar enerji, istilik, su, kanalizasiya kimi istehlak xərclərindən azad olduqları üçün ilk on ildə evlərə çəkilən xərci ödəmiş olurlar. Dünyaya, təbii ehtiyatlara olan münasibətləri isə əvəzsizdir.

Azərbaycan kimi isti, iqlimi əlverişli olan ölkələrdə Earthship evləri üçün şərait vardır. Bu günə qədər şəbəkəsiz, tam müstəqil ev layihəsi ortaya qoyulmamışdır.
 
Şəbnəm Karslı
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top