Yeni dövr təhsil sistemi necə olacaq? - Şəbnəm Karslı yazır

ANALİTİK 28 dekabr 2020, 12:13
Karvannews.com Şəbnəm Karslının “Təhsilin gələcəyi – Yeni dövr təhsil sistemi” adlı yazısını təqdim edir.
 
Gələcəyi təxmin etməyin ən yaxşı yolu – gələcəyi yaratmaqdır. Gələcək isə bu günün gənclərinin təhsili, biliyi və bunlarla birlikdə quracaqları dünyadır. Yaxşı vətəndaş, insan, millət və dövlət üçün xəyallarımız, düşüncələrimiz varsa, planlarımız və yeni dövrə uyğunlaşdırdığımız sistemlərimiz olmalıdır. Hər şeydən əvvəl gələcəyin demoqrafik vəziyyəti, texnologiyaların inkişafı, sənaye sistemlərindəki innovasiyalara diqqət vermək lazımdır. Fiziki əməyin getdikcə dəyərsizləşdiyi vəya əhəmiyyətini itirdiyi dövrə qədəm qoyduq. Dünya insanı “qocalır”. Dövlətlərin sosial müdafiə sisteminin gücləndirilməsinə, yeni dövrə ayaq uydura bilmələrinə ehtiyac yaranır. Bilgi təməlli texnologiyaların daha rəngarəng və güclü olduğu dünyada sürətlə yenilənirik.

Dünyanın bizlərdən uzaq bir nöqtəsində meydana gələn Covid-19 pandemiyası qisa zaman kəsiyində bütün dünyanı təhsis etdi, sistemləri çökdürdü. Ən çox da təhsil sistemlərini kökündən dəyişdirdi. Virtual məktəblərə keçid o qədər sürətlə baş verdi ki, yeni sistem üçün planlar hazırlansa, reallaşması illər çəkərdi, ama bir göz qırpımında əyani təhsil sona çatdı. Artıq dərs üçün məktəbə gedən uşaqların yerinə texnologiyalardan istifadə edərək virtual dərsə bağlanan gəncləri, evinin bir otağında kamera önendə dərs keçən müəllimləri gördüyümüz zaman təəccüblənmirik. Amma hazırlıqsız olduğumuz bu yeni sistemin təkmilləşdirilməyə və teni çağa uyğunlaşdırılmağa ehtiyacı var.
Yeni təhsil sistemi necə olmalıdır? Bu sual təhsil mütəxəssislərini düşündürən əsas suallardan biridir. Köhnə təhsil sistemi cəmiyyətin inkişafı, sürətlə yenilənən texnologiyalar, uşaqların zəkası baxımından o qədər geri qalıb ki, innivasiyaların ən sürətlə tətbiq edildiyi cəmiyyətlərdə də ayaqlaşmanın gecikdiyinə şahid oluruq. Bundan sonranın məktəbi və digər təhsil ocaqları təhsil alanların darıxmadığı, sual verib şübhələrini ifadə edə bildikləri, sadəcə imtahan üçün çalışılmadığı bir məkan olmalıdır. Məkan dediyimiz zaman da bir sinif, auditoriya ağlımıza gəlməməlidir, virtual sistemlər, proqramlar üzərindən ən keyfiyyətli sistem düşünə bilməliyik. Sadəcə imtahanlar üçün proqramlaşdırılmış rəqabətlə zəngin bir təhsil sistemi artıq yeni çağın uşaqlarını məmnun etmir və həvəssizlik yaradır. Ələxsus, imtidai təhsildə bu rəqabət sonlanmalıdır. On yaş altı uşaqlar üçün bilik, bacarıq və davranışların və bunlarla birlikdə ən təməl elmin öyrədildiyi məktəblər qurulmalıdır.

Gələcəyin məktəbləri uşaqların maraq hissinin formalaşmasına xidmət etməlidir. Elmi onlara hazır çeynənmiş loxma kimi vermək olmaz, maraq hissi aşılamalı və doğru məlumatı əldə etmək üçün vasitələr göstərilməlidir. Təhsil texnologiyasız bir heçdir. Texnologiyanın uyğun şəkildə istifadəsini öyrətmək, elmi öyrətməkdən daha vacibdir. Bu zaman uşaqları bərabər imkanlarla təmin etmək dövlətin və məktəblərin yükünü ağırlaşdıracaqdır. Amma doğru təhsil eyni zamanda gələcəyə yatırım olacaq və faydalı vətəndaşın yaranması ilə nəticələnəcək. Doğru təhsil – doğru elmi doğru vasitələrlə uşaqlara aşılaya bilən bir sistem olacaq. Qlobal düşünə bilən, ancaq yerli beyinlə hərəkət edən fərdlərin yetişdirilməsi modeli dövlətlər üçün ən əlverişli təhsil olacaqdır.

Qısacası, gələcəyin məktəbəqədər və orta məktəm müəssisələri uşaqların daha çox əyləndiyi, texnologiyala yaxin olduğu, araşdıraraq öyrəndiyi məkanlara çevriləcəkdir və ya gələcəyin ümidverici olması üçün çevrilməlidir.

Təhsil sisteminin ana mərhələsi universitet dövrüdür. Yeni nəsil müəllimlər daxil olmaqla cəmiyyətə lazım olan mütəxəssisləri yetişdirən ali təhsil ocaqları da yenilənməyə məhkumdur. Z nəsli üçün yeni universitet təhsili bir öncəki onilliklərdə müşahidə etdiyimiz sistemlərdən fərqli olacaq. Ali təhsil müəssisələrində işləyən akademik kəsim üçün də yeni dövrlə ayaqlaşmaq çətin olacaq. Artıq ənənəvi təhsil gəncləri cəlb etmir, əksinə onlar innovativ təhsilə yönəlməyi sevirlər. Bu da akademik çevrənin də sürətli bir şəkildə texologiya ilə ayaqlaşmasını labüd edir. Yaxın gələcəkdə tamamilə dijital – virtual sistemə keçid olacaq və mütəxəssis yetişdirən ali təhsil ocaqları buna tam hazır olmalıdır.

Ünsiyyətdə virtuallaşma akademik çevrələrdə tələbələrlə olan bağlılığı da bir başqa formata daşıyacaq. Sosial media proqramları tələbələrlə yeni nəsil müəllimlər arasında ünsiyyətin inkişafına gətirib çıxaracaq. Müəllim – tələbə, şagir məsafəsinin azaldığını müşahidə edəcəyik.

Dərslik mövzusu da gündəmdədir. Öyrəşdiyimiz ənənəvi qalaq-qalaq kitablar tarixə qovuşacaq. Təhsil sistemində rəqəmsallaşma dərs kitablarını tarixin tozlu arxivinə göməcək. Yeni nəsil dərsliklər virtual olacağı üçün müəllimlərin bu sistemə texnoloji bilikləri ilə hazır olmaları lazımdır. Şagird və tələbələr isə buna artıq hazırdırlar.
İmtahan az qala hamımızın qorxulu yuxularının bir parçasıdır. Əzbəri soruşan suallar sistemi də dərsliklər kimi tarixdə qalacaq. Yeni nəsil təhsil sistemi üçün düşündürəm, mühakimə tələb edən sual formatları ortaya çıxacaq. Nəyisə bilmək əhəmiyyətini itirir, haradan və necə öyrənmək əsas məsələ olacaq.

Qısacası, düşünən, sual verən gənclik gəlir və onlar mühazirə dinləmək istəməyəcəklər. Müzakirə sisteminin üzərində formalaşan və əsasən texnologiya ağırlıqlı virtual təhsil sistemi gələcəyin yeni normaları olacaq. Buna indidən hazır olmalıyıq, əksi təqdirdə dünyadan geri qalan bir gənc nəsil yetişdirmiş olacağıq.
 
 
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top